Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Məhərrəmlik mərasimi Azərbaycanda


Tarixi mənbələrə görə Azərbaycanda Məhərrəmlik mərasiminin kökləri erkən orta əsrlərə gedib çıxır. Müsəlman aləminin tərkib hissəsi olan Azərbaycanda orta əsrlərdə imam Hüseynin həlak olması faciəsinə böyük ictimai-siyasi əhəmiyyət, əsasən şiə icması çərçivəsində nəzəri cəlb etmişdir. Səfəvi sülaləsinin banisi Şeyx Səfi əd-Din (1252-1334) Ərdəbil şiələri arasında isnə-əşəri (on iki imama inananlar) ehkamını siyasi dayaq üçün təbliğ edərkən özünü yeddinci imam Museyi Kazımın nəslindən elan etmiş və “İmam Hüseyn müsibəti” əhvalatını öz təbliğatının əsas mövzusuna çevirib ondan siyasi məqsədlər üçün geniş istifadə etmişdir. Onun nəslindən olan Ərdəbil şeyxləri, Şeyx Cüneyd, Şeyx Heydər, Şeyx Sultan Əli, Şah İsmayıl və sonrakı səfəvi hökmdarları da bu istiqaməti davam etdirmişlər.
Şiəlik, Azərbaycanda XVI əsrin əvvəllərindən başlayaraq, 230 il hökmranlıq etmiş Səfəvilərin rəsmi dövlət məzhəbi olduğundan, Məhərrəmlik mərasimindən istifadə olunması Səfəvilər sülaləsinin siyasi platformasında zəruri bir tədbirə çevrilmişdir. Belə ki, bu mərasim bəzi hallarda, düşmən dövlətlərlə çəkişmə və müharibə apararkən onların əlində kütlələri müharibəyə təhrik etmək, döyüş əzmini qaldırmaq və güclü dini siyasi səfərbəredici vasitə amilini oynamışdır.
Elə bu dövrdən Azərbaycan ərazisində Məhərrəmlik təziyədarlığı rəsmiləşdirildi. Kərbəla hadisəsi haqqında növhələr, mərsiyələr yazıldı. Dindarları kədərləndirməyi, ağlatmağı təlqin edən və matəm ab-havası yaradan belə yazılar xalq arasında geniş yayılmağa başladı.
XVI əsr Səfəvilər dövrünün şiə ilahiyyatçıları Vazeh Hüseyn Kəşfinin “Şəhidlər bağçası”, “Xoşbəxtlər baxçası”, müctəhid Fazil Dərbəndinin “Şəhidlərin sirləri” adlı kitablarında və bu dövrdə tərtib olunmuş başqa yazılarda Kərbəla hadisəsi tarixilikdən çox, ədəbi üslubda təsvir edilmişdir.
Bununla yanaşı dövrün dini-fanatik əhval-ruhiyyəsindən çıxış edən və hakim dairələrin mənafeyini əks etdirən bəzi ilahiyyatçılar Məhərrəmlikdə dindarların özlərini döyməsini, zəncir vurmasını, baş yarıb qan tökməsini, şəbih oyunu çıxarmasını imam Hüseynin xatirəsinə hörmət əlaməti, hətta dini etiqadın şərtləri kimi qələmə verməyə başladılar. Onlar xalq arasında təbliğat apararaq, Kərbəla şəhidlərinə belə təziyə saxlayanların cənnəti qazanacaqlarını vəd edirdilər.
Azərbaycanda Çar Rusuyasının hakimiyyəti illərində də Məhərrəmlik mərasimləri kütləvi qeyd edilirdi. Lakin bu istiqamətdə müəyyən təşkilati fərqliliklər nəzərə çarpır. Belə ki, XIX əsrin əvvəllərində Zaqafqaziya ərazisinin Rusiya imperiyasına qatılması ilə əlaqədar regionda islam təsisatlarının strukturunda əhəmiyyətli dəyişikliklər olmuşdur. Zaqafqaziyada yaşayan müsəlmanlar içərisində çoxluq təşkil edən şiələri və şiə məscidlərini İrandakı dini mərkəzlərin və ilahiyyatçıların mənəvi təsirindən və tabeliyindən xilas etmək və şiə ruhanilərini Rusiya müstəmləkə üsuli-idarəsinin məmurlarına çevirmək məqsədilə 1823-cü ildə Zaqafqaziya şiələrinə dini başçılıq etmək üçün Şeyxül-islam vəzifəsi təsis edildi və artıq Məhərrəmlik mərasimləri bu strukturun nəzarəti altında keçirilməyə başladı. Bununla yanaşı Bakıda və digər böyük şəhərlərdə yerli bəy və xanlar Məhərrəmliyin keçirilməsinə himayədarlıq göstərir, çoxlu rövzəxan, vaiz və mərsiyəxan saxlayıb təkyələr təşkil edir, təziyədarlara qənd, çay, qara və ağ çit parça paylayır, əhali arasında matəm əhval-ruhiyyəsinə dəstək olurdular.
XIX əsrin sonu, XX əsrin əvvəllərində küçələrə çıxıb təziyələr dəstələri düzəltmək, dini yürüşlər keçirtmək, zəncir vurmaq, baş yarmaq və şəbih oyunu çıxartmaq artıq kütləviləşərək bir dəb halı almışdır.
Azərbaycan ziyalıları içərisində Məhərrəmlik mərasiminin belə keçirilməsinə münasibət birmənalı deyildi. Belə ki, onlar məhərrəmliyin mahiyyətinin xalqa intellektual səviyyədə çatdırılmasının tərəfdarı olub, dini fanatizmə, mövhumat və cəhalətə xidmət edən ünsürləri ciddi tənqid atəşinə tuturdular. Cəmiyyətin ziyalı təbəqəsi və açıq fikirli din xadimləri imam Hüseyn təziyəsini gəlir mənbəyinə çevirib din pərdəsi altında mövhumatı yaymağa çalışanları ifşa edirdilər. Onlar dindarları loyal olmağa çağırır, cahil hərəkətlərdən əl çəkərək imam Hüseyn təziyəsini ədəb və ərkan çərçivəsində, hörmətlə keçirməyi məsləhət görürdülər.
 Azərbaycanda Sovet hakimiyyəti qurulmasından sonra dinə və dini təsisatlara münasibət dəyişdi. Hakim rejimin apardığı ateist təbliğat, partiya və ictimai təşkilatların fəaliyyəti, habelə kobud inzibatçılığın və təzyiqlərin nəticəsində insanların əksəriyyətinin dindən uzaqlaşdırılmasına səy göstərilirdi. Bu proses sosialist inqilabının ilk günlərindən başlamış, iyirminci illərdə genişlənmiş, otuzuncu illərdə daha da təşəkkül tapmışdır. Bu illərdə məscid və kilsələr əsassız olaraq bağlanmış, bir çox dini binalar dağıdılmış, ruhanilər və dindarlar təqiblərə məruz qalmışlar. Bunun nəticəsində əhali öz dini hisslərini gizlətməyə məcbur olmuşdur. Lakin bütün bunlara baxmayaraq dindarlar dini mərasimlər zamanı gizli şəkildə evlərdə yığışaraq Məhərrəmliyi qeyd etmiş, Kərbəla hadisəsinin təziyədarlığını saxlamışlar.
Sovet hakimiyyətinin sonrakı mərhələlərində isə dinə və dindarlara, nisbətən yumşaq münasibət bəslənilmişdi. Elmi-ateizm təbliğatı, dini ayinlər haqqında qanunvericiliyin möhkəmlənməsi, din və dindarların ictimai qınaq obyektinə çevrilməsi və s. amillər güclənmişdi. Bunun nəticəsində isə Məhərrəmlik mərasimləri əvvəlki kütləviliyini itirmişdi. Lakin bu mərhələdə bir sıra tendensiyalar özünü göstərmişdir. Belə ki, inzibati təzyiqlər və anti-dini təbliğat mexanizminin təsirləri altında qalan əhalinin bir hissəsi dini baxışlara laqeydlik göstərərək, dini matəmlərdə iştirak etməyə məhəl qoymasa da, digər tərəfdən Azərbaycanın bəzi yerlərində Məhərrəmlik mərasimi keçirilmişdir.
Müstəqillikdən sonra dövlət, Sovet əyyamının ənənə qalıqlarından azad olduğunu göstərərək, hələ 1991-ci ildə Aşura mərasiminin açıq və kütləvi şəkildə keçirilməsinə razılıq verdi.
İldən-ilə Azərbaycanda Aşura mərasiminin keçirilməsinin fərqli formaları müşahidə edilir. Hazırda Azərbaycanda fəaliyyət göstərən şiə məscidlərində Məhərrəmlik mərasimi əksər dindarın iştirakı ilə keçirilsə də, bəzi ayinlər - baş yarmaq, bədənə müxtəlif fiziki işgəncələr vermək halları və şəbih oyunu tədricən aradan qalxmışdır. Yalnız bəzi məscidlərdə zəncir vuranlara rast gəlmək mümkündür.
Azərbaycanda hər il aşura mərasimi ilə bağlı bəzi xeyriyyə aksiyaları təşkil olunur. Belə ki, 90-cı illərin ortalarından başlayaraq hemofiliyalı xəstələr üçün qanvermə aksiyaları keçirilir. Müşahidələr bu təşəbbüsün dindarlar tərəfindən də rəğbətlə qarşılandığını göstərir.
Son illərin müşahidələri onu da deməyə əsas verir ki, Məhərrəmlik mərasimləri ildən-ilə öz mahiyyətinə uyğun olaraq, daha sivil formada keçirilir. Əvvəlki illərlə müqayisədə, maarifləndirmə və təbliğat işinin həyata keçirilməsi nəticəsində, xarici ünsürlərin belə mərasimlərə təsir gücünün nəzərəçarpacaq dərəcədə azalması tendensiyası diqqəti cəlb edir.  
 
Digər dövlətlərdə məhərrəmlik
 
Məhərrəmliklə bağlı mərasimlər Azərbaycan yanaşı İranda, İraqda, Livanda, Türkiyə, Suriya və Pakistanın şiələr yaşayan bölgələrində kütləvi şəkildə qeyd edilir. Xüsusi ilə İran, İraq və Livanda dövlətin və hakim siyasi qüvvələrin dəstəyi ilə təmtəraqlı şəkildə keçirilir. Belə ki, adlarının sadaladığımız ölkələrdə əhalinin böyük əksəriyyətinin şiə olması, həm də hakimiyyət strukturlarına onların dəstəklədiyi siyasi qrupların sahib olması bu ayın böyük izdihamlı keçirilməsinə zəmim yaradır. İranda bu mərasimlərin geniş şəkildə qeyd edilmə tarixi XVI əsrə, yəni Səfəvilər dövrünə gedib çıxır. I Şah İsmayıl tərəfindən Osmanlı İmperiyası və digər sünni dövlətləri ilə effektiv mübariz aparmaq kütlədən istifadə etmək və ölkədə vahid dini-siyasi birliyə nail olmaq məqsədi ilə məhərrəm ayı ilə keçirilən mərasimləri rəsmiləşdirildikdən bu günə kimi dövlətin dəstəyi ilə yüksək səviyyədə qeyd edilir. Ölkənin siyasi-ictimai həyatında əhəmiyyətli rol oynayan bu matəm günlərinin siyasiliyi təkcə Səfəvilər dövründə deyil, müasir dövrdə də böyük təsirə malikdir. Belə ki, 1963-cü ildə İranda şahın keçirmək istədiyi islahatlara qarşı çıxan ayətullah Xomeyni və onun tərəfdarları öz platformalarını məhz məhərrəmlik ayında   irəli sürmüş, bir ildən sonra isə matəm yürüşlərinə siyasi mahiyyət verməyə çalışmışlar. Xomeyninin məhərrəmlikdə (4 iyul 1963-cü il) etdiyi siyasi yönümlü matəm moizəsində minlərlə insanı torpaq islahatına qarşı çıxmağa sövq etmiş, monarxiyaya qarşı nifrət hissini gücləndirmişdir. 1978-ci ilin axırları və 1979-cu ilin əvvəllərinə təsadüf edən məhərrəmlik matəmi günlərində keçirilən siyasi məzmunlu  dini yürüşlər və mitinqlər təzyiqi altında şah ölkəni tərk etməyə məcbur olmuş, Xomeyninin ölkəyə qayıtması üçün zəmin yaranmış və bununla da xalq inqilabının qələbə çalması uğrunda gedən siyasi prosesinin uğurla nəticələnməsi üçün məhərrəmlik mərasimindən geniş istifadə olunmuşdur.
İranda bu mərasimin keçirilmə qaydalarına gəlincə, şəbih məclisləri keçirilir, əzadarlıq məclisləri qurulur, yürüş-mitinqlər təşkil edilir və İmam Mehdinin zühuru üçün dualar edilir. Ölkənin dinin lideri tərəfindən xalqa bayramım mahiyyəti və keçirilmə qaydaları barədə xalqa müraciət edilir.
Məscidlərdə və açıq hava altında keçirilən şəbeh teatrlarında Kərbəla hadisələrini canlandırılan səhnələr peşəkar aktyorlar tərəfində oynanılır və böyük marağa səbəb olur. Əzadarlıq məclislərində aşura gününün mahiyyəti və tarixi haqqında moizələr oxunur, imamlara həsr olunmuş mərsiyələrin müşayiəti ilə sinə vurulur. Zəncir vurma və yaxud ülküc kimi kəsici alətlərə qan çıxarma kimi adətlər 1993-cü ildən ayətullah Xomenyenin fətvası ilə qadağan edilməsinə baxmayaraq müəyyən qədər müxtəlif bölgələrdə  hələ də qalmaqdadır. Buna səbəb bəzi molların bu kimi əməllərin İmam Hüseyn eşqinə edildiyi üçün allah tərəfindən bağışlanacağına dair fikirlər səsləndirməsidir.
Aşura günü böyük təmtəraqla keçirilən dövlətlərdən biridə İraqdır. 2003-cü ildə Səddam Hüseyn rejimi devrildikdən və hakimiyyətdə şiələrin say üstünlüyü  qazandıqdan sonra ölkədə məhərrəmlik ayının qeyd edilməsin qoyulan məhdudiyyət ardan qaldırıldı. Şiələrin Kərbəla, Nəcəf və digər şəhərlərdəki ziyarətgahları fəaliyyətlərini tam bərpa etdilər. Kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara görə təkcə bu il Aşura günü münasibəti ilə keçirilən tədbirlərdə  2 milyondan çox adam iştirak edib. Burada da İranda olduğu kimi şəbeh teatrları və təzyədarlıq məclisləri qurulur. İmamlara həsr edilmiş mərsiyələr oxunur. Lakin İrandan fərqli olaraq burada zəncir vurma və digər vasitələrlə bədənə xəsarət yetirmə  faktlar daha çox qeydə alınır. Həmçinin bu mərasimlərin keçirilməsi dini ayrı seçkilik zəminində qarşıdurmalar yaranır və terror hadisələri ilə müşayiət olunur.
Əhalisinin böyük hissəsi şiə dövlət olan Livanda demək olar ki, bu ölkələrlə müqayisədə qeyri-adi heç bir hadisə baş vermir. Lakin burada təzyədarlıq,  şəbeh məclisləri ilə yanaşı Aşura günü münasibəti ilə Hizbillah qruplaşması rəsmi hərbi parad keçirir. Parada  Hizbullahın lideri Seyyid Həsən Nəsrullah şəxsən özü rəhbərlik edir və iştirakçılar qarşısında moizəsinin oxuyur. Moizəsində ölkədəki və dünyadakı baş verən siyasi proseslərə münasibət bildirir və bəzi Qərb dövlətlərinə qarşı hədələyici fikirlərə də yer verir.
Digər ölkələrdə-Pakistanın, Hindistanın və Türkiyənin şiələr yaşayan bölgələrində də bu mərasimlər ilə bağlı tədbirlər keçirilir. İran, İraq və Livandakı əzadarlıq məclislərindən fərqləndirici qaydalar kimi Pakistanda  bəsirə atları İmam Hüseynin “zül-cənan” adlı atı altında məscid və Hüseyniyələrdə toplanmış yüzlərlə insan arasında təbərrük niyyətinə gəzdirilməsi, Hindistanın Heydərabad şəhərində minlərlə şiənin İmam Hüseynlə metafizik bir yaxınlaşma üçün köz üstündə qaçmalarını, Türkiyədə isə təşkil olunmuş tədbirlərdə  dövlət əleyhinə şüarların səsləndirilməsinin qeyd etmək olar. Bəhreyn və Yəməndə Aşura günü daha mülayim şəraitdə keçirilir. Bu ölkələrdə zəncir və sair vasitələrlə bədənə və sağlamlığa zərər vurulması halları müşahidə olunmur.
 
Məhərrəmlik necə keçirilməlidir
 
Hər il Məhərrəmliklə əlaqədar bəzi müsəlman ölkələrində yas mərasimləri keçirilir. Aşura günü isə faciə baş verdiyi gün olduğu üçün xüsusilə qeyd edilir. Bu günlərdə mərsiyələr oxunur, sinə döyülür, ağlaşma keçirilir. Bəzən zəncir vurulur, hətta qılıncla baş yarılır. Bəzi rəvayətlərə görə, bütün bu adətlər imam Hüseynin Yezidə qarşı üsyana başçılıq etmək üçün İraqa dəvət edib sonra bir gecənin içində imama sədaqət andını pozan adamlardan miras qalmışdır. Onlar faciə baş verdikdən sonra əməllərindən peşman olub yas tutub fəryad etmişlər. Bəzi rəvayətlərə görə, Əməvi hökmdarı Yezid hadisədən sonra törətdiyi cinayətdən qorxub başına vuraraq, öz əhlinə mərsiyə deyib ağlamağı əmr etmişdir. Nəql edilən bəzi rəvayətlərdə isə bu dəhşətli xəbər müsəlmanlar arasında yayıldıqda imamı qoruya bilmədikləri üçün fəryad etdikləri bildirilməkdədir. Ümumiyyətlə, mərsiyə, yas, ağlaşma, fəryad etmə məfhumları yeni anlayışlar deyildir. Bu adətlər ərəblərdə cahiliyyət dövründən qalmışdı.
Lakin bir məsələ araşdırma tələb edir. Heç şübhəsiz ki, Əhli-Beytə zülm edildi. Sözsüz ki, baş vermiş bu faciə həqiqi müsəlman olan hər bir kəsi kədərləndirməyib ağlatmaya bilməz. Hər nə qədər bugünkü şəkildə Məhərrəmliyi keçirənlərin ülvi duyğularına hörmət göstərilsə də, əsas qayə olan Allahı unutmaq olmaz. Əhli-Beyt sevgisi, duyğular, hisslər, ehtiraslar öz yerində, amma din-şəriət olaraq qalmaqdadır. Bu qanun toxunulmaz və müqəddəsdir. Hər nə qədər imam Hüseynə olan məhəbbət gözəldirsə, Allah sevgisi, rizası daha uca və riayət edilməyə daha çox layiqdir. Allahdan savayı ilahi məhəbbət bəslənəcək hər kəsin inkar edilməsi gərəkdir. Allah isə öz növbəsində, müqəddəs Quran-Kərim vasitəsilə insanın özünə xəsarət yetirməsini haram buyurmuşdur. Bu səbəbdən qılıncla baş yarmaq, zəncir vurmaq doğru bir şey deyil.
Yas tutmağa gəldikdə, bu barədə də Rəsulullahın (s) qoyduğu bir şəriət vardır. Belə ki, ölüm də digər müsibətlər kimi Allahın təqdir etdiyi bir hadisə olduğu üçün, ona qarşı üsyan etmək olmaz. Onu səbirlə qarşılamaq lazımdır. Hər nə qədər ölüm haqdırsa, ölümün özünün iztirablı olması da bir reallıqdır. Bu dünyadan və dünyadakılardan ayrılıq həm ölən, həm də yaxınları üçün bir dərddir. İnsanı yaradan, ona həyat verən və alan Uca Allah bütün bunları bildiyi üçün göndərdiyi  dində bu məsələyə xüsusi yer ayırmışdı. Hissləri izhar etməklə Allaha asi olmağın qadağan olması ilə bərabər müəyyən hüdud çərçivəsində, buna izn verilmişdir. Çünki bu həssas duyğular Allahın özünün insan fitrətinə yerləşdirdiyi mərhəmətin əsəridir. Cahilliyə dövründə ərəblərdə bir adət mövcud idi: Birinə bir müsibət üz verəndə qadınlar bir yerə toplaşaraq mərsiyələr deyər, üzlərini cırar, paltarlarını yırtıb saçlarını yolar, ağlayardılar. Həzrət Məhəmməd (s) bütün belə adətləri qadağan etdi. “Yanaqlarınızı cırmayın. Üst-başını yırtan, cahiliyyə duası ilə dua edən bizdən deyildir.” (Tirmizinin rəvayət etdiyi digər bir hədisdə isə deyilir: Qadınlardan biri: “Ya Rəsulullah (s) bizim sənə asi olmayacağımız yaxşı əməl nədir?” Rəsulullah (s): “Matəm etməyin.” buyurdu. Bütün bunlara şahid olan səhabələr Həzrət Peyğəmbəri (s) oğlu ölərkən ağlayan gördükdə təəccüb etdilər. Bunu öyrənmək istədilər. Əbdürrəhman ibn Əfv: “Səndəmi ağlayırsan ya Rəsulullah?” Rəsulallah (s): “Ey ibn Əfv, bu mərhəmətdir!” buyurdu və ağlamağa davam etdi. Sonra isə belə buyurdu: “Gözümüz yaş tökər, qəlbimiz hüzn çəkər. Fəqət Rəbbimizi razı etməyəcək söz söyləmərik. Ey İbrahim, sənin ayrılmandan biz hüzn çəkirik”. (Buxari, Müslim)
Yenə qadınlar ağlaşarkən Həzrət Ömər onlara mane olmaq istədi. Rəsulullah (s): “Ya Ömər! Burax onları. Çünki göz ağlayıcıdır. Qəlb iztiraba məruzdur. Zaman yaxındır.” (Nəsai)
Zaman keçdikcə iztirab verən hadisə uzaqlaşınca göz də ağlamaz olur. İslam yalnız  müəyyən vaxt çərçivəsində insanların ağlamasını caiz hesab edir. Buna görə də ən doğru olanı Allah və onun Rəsuluna (s) tabe olmaqdır. İmam Hüseynə olan məhəbbət buna əngəl deyil, əksinə dəstəkdir.
Lakin çox təəssüflə qeyd etməliyik ki, Kərbəla hadisəsindən 14 əsr keçməsinə baxmayaraq müasir dövrdə də bəzən onun mahiyyəti düzgün dərk edilmir. Belə ki, bəzi insanlar hesab edirlər ki, bu günün əsas məqsədi ağlayaraq savab qazanmaq və günahlardan təmizlənməkdir. Bəzilərinin fikrincə isə həmin gün insanları ağlamağa məcbur etmək, şeypur çalmaq, kişilərə qadın paltarları geyindirmək, yas tamaşaları (şəbihlər) təşkil etməklə keçirilməlidir. Onlara görə, şəriətlə uyğun olmayan bu hərəkətlərlə məhərrəmlik halal mahiyyət kəsb edir, göz yaşı axıtmaqla insanlar mənəvi cəhətdən paklanır. Evlərdə, məscidlərdə bu cür məclisləri həyata keçirən şəxslərin əsas məqsədi, daha çox insan cəlb etməkdir. Məgər yas məclisi küçə yürüşüdürmü?            
Məclislərə sahiblik edən şəxslər vaizlərdən insanları ağladaraq vəcdə gətirməyi tələb etməməlidir. Əks təqdirə vaiz, öz üzərinə diqqət cəlb etmək, insanların özlərini döyməklə fəryad etməsinə nail olmaq məqsədilə uydurma hekayələr və əfsanələr danışmağa məcbur olacaq.
Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, sinə açmaq, saç yolmaq, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb hərəkətlərə yol verilməməlidir. Qan çıxarmağı zəruri hesab edən dindarlara tövsiyə edə bilərik ki, onlar zəncir vurmaqla baş yarmaq əvəzinə könüllü olaraq qan vermə aksiyalarına qoşulsunlar. Bununla onlar Allah qarşısında böyük savab qazanmaqla yanaşı, qan çatışmazlığından əziyyət çəkən minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olarlar.
Fikrimizcə, məhərrəmlik və Aşura məclislərində əsas məqsəd, Kərbəla faciəsinin fəlsəfi mənasını bir damla göz yaşı vasitəsilə insanlara çatdırmaq olmalıdır. Yas prosesinin əsas missiyası insanları çox ağlatmaq deyil, bu hadisə ilə əlaqədar daha çox mətləblərə aydınlıq gətirməkdir.

Cahandar Əlifzadə
DQİDK-nın əməkdaşı
 
 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt